Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətimizdir
2003-cü ildən keçən 20 il ərzində Ümummilli lider Heydər Əliyevin siyasi kursunu dinamik şəkildə və uğurla inkişaf etdirən Prezident İlham Əliyev tərəfindən çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir. 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub. Son 20 il ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. Azərbaycan ordusu ən müasir silahlar və texnika ilə təchiz olundu. Qeyd etmək lazımdır ki, 2003-cü ildən keçən dövr ərzində hərbi xərclər 15 dəfədən çox artırılmışdır. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaratdı. 1919-cu ildən 104 il sonra – 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini qələbəyə aparan əsas amillər kimi xarakterizə edən Ali Baş Komandan bir daha diqqətə çatdırdı ki, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”. 2023-cü il dekabrın 21-də daha bir tarixi hadisə zamanı, Xankəndi şəhər stadionunda keçirilən futbol oyunundan əvvəl çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq: “Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı