İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi
Azərbaycanın 2030-cu ilədək 5 mili sosial-iqtisadi inkişaf prioritetindən biri “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” olaraq müəyyənləşdirilib. Bu təşəbbüsə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllaşmanın bərpası və artırılması, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin icrasına başlanılıb. Bununla əlaqədar istixana qazları emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaq qarşısına əsas hədəf kimi qoyulub. Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində bununla bağlı deyib: “Qarşıda duran ən vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı müxbirin Cari il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, həqiqətən, Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir” fikrinə münasibət bildirərək deyib: “Düşünürəm ki, bu, bizim ümumi “yaşıl enerji” gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə potensialı təqribən 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə təqribən 157 qiqavata bərabərdir. Bu məqamda onu da deyək ki, Azərbaycanda hasil olunan “yaşıl enerji”nin əsas satış bazarı Avropadır və artıq bərpaolunan enerji mənbələrindən enerji tədarükünün reallaşdırılmasına hazırlaşılır. 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün gerçəkləşdirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq sazişinin imzalanması da bunun bariz ifadəsidir. Xatırladaq ki, əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl elektrik” enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulur. Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz” enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı