Azərbaycanın uğurlu inkişafı yüksələn xəttlə davam edir
Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı regionda böyük enerji mərkəzinə çevirib. Enerji sektoru əməkdaşlıq əlaqələrinin inkişafında və coğrafiyasının genişləndirilməsində əsas amillərdən biridir. Tarixən neft ölkəsi kimi tanınan, zəngin enerji resurslarına malik Azərbaycan 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək üçün geniş imkanlar qazandı. Ulu Öndər dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”, eyni zamanda, ondan sonrakı dövrdə imzalanan sazişlər, Anlaşma memorandumları bunun bariz nümunəsidir. Son 20 ildə Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev enerji sektorunda əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan qarşıya qoyulan hər bir hədəfə zamanında nail olmaq üçün səylər göstərir. Xatırlasaq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində cənab İlham Əliyev bu layihəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək onun da icrasının nəzərdə tutulan vaxtda başa çatacağını bildirdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin 31 dekabr tarixində isə TAP istifadəyə verildi.
2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır. Ümumilikdə Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun. Əvvəldə də qeyd etdiyimiz kimi, Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri Azərbaycanı etibarlı və arzuolunan tərəfdaş kimi dəyərləndirir.Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq statistik rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik.
Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan, sözün əsl mənasında dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir: “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.”
Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz yaşıl enerji zonası elan edilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflərdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu hədəf özündə bu çağırışları ehtiva edir- Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin olunmalıdır.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı