Avropanın qaz təchizatında Azərbaycanın rolu

Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi getdikcə güclənir. Ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təməli isə Avropa Birliyi və onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Ötən müddətdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan son illər Azərbaycanın şaxələndirilmiş boru kəmərləri sisteminə malik olması enerji əməkdaşlığının daha da möhkəmləndirilməsinə səbəb olub.
2022-ci ilin yayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Artıq Azərbaycan strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir.
Heç şübhəsiz, XXI əsrin ən nəhəng enerji marşrutlarından sayılan Cənub Qaz Dəhlizinin Avropanın enerji xəritəsinin zənginləşdirilməsində rolu danılmazadır. Çünki Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan “mavi yanacaq” məhz Cənub Qaz Dəhlizinin qolları olan interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə Avropa ölkələrinin ərazisinə daxil olur. Hazırda Cənub Qaz Dəhlizinin indi tam gücü ilə işlədiyini bildirən Prezident İlham Əliyev bildirib ki, əgər bu dəhlizlə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Bunun üçün əlavə vəsaitin tələb olunacağı isə şəksizdir. Cənub Qaz Dəhlizinin nasos stansiyaları vasitəsilə genişləndirilə biləcəyini vurğulayan dövlət başçısı müsahibəsində onu da qeyd edib ki, Avropada “mavi yanacağ”a tələbatın getdikcə artdığı indiki şəraitdə gələcəkdə Azərbaycanda yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər.
Azərbaycanın Avropanın əsas qaz tədarükçüsü kimi əhəmiyyətinin getdikcə artacağını vurğulayan Prezident İlham Əliyev hazırda bir neçə ölkə ilə danışıqlar aparıldığını diqqətə çatdıraraq gələcəkdə alıcılarımızın sayının coxalacağını bildirib. Bunun üçün isə ölkəmizin kifayət qədər qaz ehtiyatları var. Bu baxımdan dünyanın ən böyük qaz-kondensat yatağı olan “Şahdəniz”in rolu xüsusi qeyd olunur. Eyni zamanda, 2023-cü ildə istismara daxil edilmiş “Abşeron” yatağının birinci işlənmə mərhələsi çərçivəsində bu il 1,5 milyard kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Cari ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq.
Ölkəmizin potensialı sadaladığımız yataqlarla kifayətlənmir. Məlum olduğu kimi, bu il “Abşeron” qaz yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının verilməsi nəzərdə tutulur. Bu layihənin reallaşdırılması ilə “Abşeron” yatağında illik hasilatın həcmi 5 milyard kubmetrə çatdırılacaq. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı olduqca yüksək qiymətləndirilir.
Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanacağından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı