COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.2030-cu ilədək planlaşdırılan 10 QVt yaşıl enerji güclərinin ilkin mərhələdə 5 QVt-nın Qara dəniz və Türkiyə üzərindən yaşıl dəhlizlərlə Avropaya ixracı, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın “yaşıl keçid”ə də töhfə verəcəyi qeyd olunub.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson çıxışında bildirib: “Bizə enerji təhlükəsizliyinə nail olmaq və bu mühüm onillikdə enerji keçidimizdə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyacımız var. Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı tərəfdaş olmaqda davam edir. Buna görə də biz indi də əməkdaşlığı yaşıl elektrik enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik”.
Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Nevzat Şatıroğlu çıxışında bunları qeyd edib: “Bu görüşdə belə yüksək səviyyəli iştirak region ölkələrinin enerji təhlükəsizliyi və “yaşıl enerji” ilə daha təmiz gələcək istiqamətində əməkdaşlıq əzmini nümayiş etdirir. Mənbələri və marşrutları şaxələndirməklə biz enerji təchizatının uzunmüddətli təhlükəsizliyinə nail olmalıyıq. Bu nəhəng layihələri sıx əməkdaşlıq yolu ilə həyata keçirmək olar. Türkiyə Şərqlə Qərb arasında özünəməxsus yerləşməsi ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət etməkdə davam edir.Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir: “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. Gələcək planlardan söz açan Prezident İlham Əliyev vurğuladı ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub: “Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq”. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir. Azərbaycanın COP 29-a ev sahibliyi etməyi üzərinə götürməklə öz iradəsini nümayiş etdirdi və digər dövlətlər tərəfindən bu təşəbbüs dəstəkləndi. Neft və qazla zəngin ölkə olmağımızla yanaşı, “yaşıl enerji”yə keçid prosesində də aktiv iştirak edirik. Azərbaycan Cənub Qaz Dəhlizini inkişaf etdirməklə yanaşı Yaşıl Enerji Dəhlizi layihəsini də reallaşdıracaq və gələcəkdə buna bənzər layihələri də uğurla icra edəcək”.Enerji təhlükəsizliyi məsələsi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdəndir. Beləki, bu gün Azərbaycan Türkiyə və Gürcüstandan əlavə 6 Avropa ölkəsinə qaz nəql edir. Avropaya qaz ixracı Cənub Qaz Dəhlizi layihəsi əsasında reallaşır. Dünənki görüşdə bildirildi ki, 2025-ci ilin 4-cü rübündə Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP 1,2 milyard kubmetr genişləndiriləcək. 2027-ci ildə isə özünün buraxıcılıq gücünü 2 dəfə artırmaq qabiliyyətində olacaq. Bu artıq yeni dövrün yeni tələbləri və onların həlli üçün maraqlı tərəflərin bir müstəvidə birgə hərəkətidir. İlk görüşdən 10 il keçsə də layihə öz missiyasını davam etdirir. Avropanın Enerji Komissarı Kadri Simson qeyd etdi ki, 2050-ci ildə Avropa İttifaqı ənənəvi enerjidən tam imtina edəcək, 2040-ci ildən sonra isə bu prosesə sürətli keçid üçün proqram var. Dünyada baş verən siyasi-iqtisadi dəyişiklikdən sonra Aİ 2025-ci ildə Rusiya qazından tamamilə imtina etməyi qarşısına məqsəd qoyub. Buna görə də Azərbaycan alternativ enerji təchizatçısı kimi yüksək dəyərləndirilir. Ötən il Azərbaycan qazının Avropa bazarlarında satışı əvvəlki illərlə müqayisədə 45 faiz artıb. Digər bir maraqlı məqam odur ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan boru kəməri ilə Aİ ərazisinə idxal etdiyi qazın həcminə görə 5-ci ölkə olub və yaxın illərdə Azərbaycan Rusiyanı bu göstəricidə geridə qoya bilər. Nəinki Avropanın yeni ölkələri, o cümlədən Xəzərin o tayından Qazaxıstan və Özbəkistan da bu toplantıda iştirak edirdi, iştirak edən dövlət və təşkilatların sayına görə 10-cu iclas bu vaxta qədər keçirilən görüşlərin ən böyüyü idi”.
Əyyub Əliyev
YAP-ın fəalı