Analitika

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüş

Cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bir çox vacib məsələlərə toxunmuşdur. Prezident İlham Əliyev çıxışı zamanı vurğulamışdır ki, “Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir”. Qeyd etmək lazımdır ki, regionun aparıcı dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasındadır və qabaqcıl yerlərdən birini tutur. Xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə ölkəmiz regionda ən etibarlı tərəfdaş hesab olunur. Cənab İlham Əliyev görüşdə bildirmişdir ki, “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük”. Qeyd etmək lazımdır ki, bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələr özlərini qazla təmin edir və bu proses davam edir. Növbəti illərdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək. Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən edəcəkdir. Prezident İlham Əliyev bildirmişdir ki, “Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir. Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır”. Bu günlərdə artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dəniz vasitəsilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Artıq bu məsələ 1 mart tarixində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında ilkin razılıq əldə edilib. Qara dəniz sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq və Qara dəniz dibindən çəkiləcək sualtı kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Bu da yekun etibarı olaraq təkcə sazişi imzalayan dövlətlər arasında deyil, eyni zamanda Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına xüsusi töhfəsini verəcəkdir.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button