Analitika

Azərbaycan qadını daim, tərəqqiyə doğru irəliyir

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Müstəqil Azərbaycanın tarixində 1998-ci il sentyabrın 25-də qadınlarının ilk qurultayı keçirilmiş və bu  dövlət qadın siyasətinin tarixində mühüm hadisə olmuşdur. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə edilmiş və hər beş ildən bir Azərbaycan qadınlarının qurultayının keçirilməsi qərara alınmışdır. 1998-ci ildən başlayaraq keçirilən bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Dövlət qadın siyasəti sahəsində görülən işlər davamlı xarakter daşımış və Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Bu Fərman bütün dövlət orqanları və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi.  2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı  qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, əhatə etmişdir. 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun da qadın siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsinin bir nümunəsi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender yönümlü bir dövlət siyasəti formalaşmışdır. Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynalxalq aləmdə, dünya qadınlar birliyində layiqli bir yerdə saxlayır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button