Azərbaycan Respublikasında 8 Mart Beynəlxalq Qadınlar Günü böyük coşqu ilə qeyd edilir

8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda rəsmi bayram kimi qeyd edilir və bu gün qeyri-iş günüdür. Bu günün tarixi qədim köklərə malikdir. Ölkəmiz Şərqdə ilk dəfə olaraq qadına seçib- seçilmək hüququ verən dövlətdir. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründən bu günə qədər dünya tarixinə sayısız dəyərli qadın şəxsiyyətlər bəxş etmişdir. Bunların içində dövlətin ictimai- siyasi həyatında iştirak edən, mədəniyyət və incəsənət sahələrində fəaliyyət göstərən, elm və təhsil sahəsində sayısız əməkləri olan qadınlarımız da vardır.
Müstəqilliyimizin bərpasından sonra qadınlarımızın dövlətin idarə olunmasında rolu xüsusilə genişləndi. Özəlliklə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev qadınlara xüsusi qayğı və diqqət göstərirdi. Qadınların dövlətin bütün sahələrində azad və rahat hərəkət etməsi üçün böyük addımlar atmışdır. Bunlardan biri də 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmasıdır. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Bütün bunlar ölkəmizdə qadına verilən dəyərin, hörmətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınını bütün dünyada layiqli şəkildə təmsil edir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Onun həyata keçirdiyi təbliğat və təşviqat kampaniyaları sayəsində Azərbaycan qadını, ümumilikdə Azərbaycan dünyada əsl mübarizliyin nümunəsi kimi tanınır.
Hər il 8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayır və yüksək fəaliyyəti ilə seçilən qadınlarımıza fəxri adlar verir, orden və medallarla təltif edir. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu da öz növbəsində həm ölkəmizin, həm də qadınlarımızın bütün sahələr üzrə inkişafına gətirib çıxarır.
Zərxanım Abbasova,
YAP-ın fəalı