Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm nəqliyyat mərkəzidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edərək, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynadığını bildirib. Ölkəmizin öz suverenliyi, ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzli olduğu hər kəsə məlumdur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.
Şərq Komitəsinin sədri ilə görüşdə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər Almaniya–Azərbaycan münasibətləri çərçivəsindən daha geniş mövzuları əhatə etməklə əslində Avropa İttifaqının bəzi institutlarından ölkəmizə qarşı yönələn təzyiqlərə cavabı özündə əks etdirdi. Dövlətimizin başçısının çıxışında Avropa-Azərbaycan münasibətlərində mübahisəli məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında açıq və aydın mesajlar verildi. Prezident İlham Əliyevin mesajlarından çıxan və çıxarılmalı olan nəticə isə ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin faydalı və işgüzar məcraya yönləndirilməsi üçün Avropa İttifaqının müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı əsassız iddialara və təzyiq cəhdlərinə son qoyulmalıdır.
Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi