Yeni Azərbaycan Partiyası bügün yeni inkişaf mərhələsini yaşayır

5 Mart 2021-ci il tarixində YAP-ın VII qurultayı keçirilmişdir. Bu qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini,həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.
Bu qurultayda partiya daxilində yeni təyinatlar olmuşdur. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur, sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
VII qurultaydan sonra Partiyaya 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunmuşdur. 773770 nəfər Partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.
Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır. Ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, bu gün sağlam qüvvələrin partiyaya axını belə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”. Bir sözlə, noyabrın 21-də 30-cu ildönümü qeyd edilən YAP yarandığı gündən dövlətə və xalqa xidmət nümunəsi sərgiləyib.
YAP-ın VII qurultayında qəbul edilmiş qərarlar partiyamızın hər bir üzvünə, ümumilikdə gənclər ordusuna böyük ruh yüksəkliyi verib. Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün cəlbedicidir və bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyamızın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər xalq tərəfindən tam dəstəklənir. Əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolu vardır.
Səbinə Həsənova,
YAP-ın fəalı