Analitika

Xocalı Soyqırımı qurbanlarının xatirəsini Azərbaycan Respublikası, Dünya azərbaycanlıları, ədalətli insanlar hər yerdə hər zaman əziz tutur, ehtiramla yad edir

1987-ci ilin sonunda Ermənistan SSR-i Azərbaycan SSR-nin Dağlıq Qqarabağ Muxtar Vilayətinin (DQMV) ərazisinə aşkarcasına iddia irəli sürdü. Bundan sonra azərbaycanlılar Ermənistan Sovet Sosialist Respublikasından (SSR) və DQMV-dən növbəti dəfə qovulmağa başladı. Həmçinin bu regionun Azərbaycandan birtərəfli şəkildə ayrılması prosesinin həyata keçirilməsi üçün həm Ermənistan, həm də “Dağlıq Qarabağın” erməni icması tərəfindən bir sıra qanunsuz qərarlar qəbul edildi. 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər dinc azərbaycanlı nümayişçilərinə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. Dağlıq Qarabağa iddialar irəli sürdükdən sonra Ermənistan dövlət orqanları 300 minə yaxın azərbaycanlının Ermənistandakı evlərindən məcburi şəkildə deportasiyası ilə nəticələnən qərarlar qəbul etdilər. Deportasiya prosesi bütün Ermənistan boyunca genişmiqyaslı və sistemli öldürmə, işgəncə vermə, əmlakın məhvi və soyğunçuluq halları ilə müşayiət olundu. Bütövlükdə bu proses nəticəsində 1987-1989-cu illərdə Ermənistanda 217 nəfər azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və yaşlılar öldürüldü. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün kulminasiya nöqtəsi 1991-ci ildə Sovet İttifaqı süqut etdikdən sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq subyekt kimi tanındı, silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Ermənistan müharibəyə başladı, Azərbaycana qarşı silahlı qüvvə tətbiq etdi və Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla onun ərazilərini işğal etdi. Ermənistan bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti həyata keçirdi və münaqişə zamanı digər ciddi cinayətlər törətdi. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi. Xocalı 940 kv. km əraziyə və işğaldan qabaq 7000 nəfər əhaliyə malik olmuşdur. Xocalı Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalıda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd var və ona qonşu rayonlar: Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşadır. Xocalı Qarabağ regionunda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi sayılırdı. Xocalı Mərkəzi Asiyada etnik zəmində baş verən qanlı toqquşmalardan xilas olmaq üçün Məhsəti / Ahıska türkləri, həmçinin Ermənistandan qovulan Azərbaycan qaçqınları üçün sığınacaq təşkil edirdi.  1991-ci ilin oktyabr ayından etibarən Xocalı tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır.

Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Yanvar ayında Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Xocalıya sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də, sonuncu hərbi vertolyot isə fevralın 13-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içərisindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi. Xocalılar öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünü müdafiə dəstəsi və yerli milis qüvvələrindən təşkil olunmuşdu. Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.  Xocalı elə bir yaşayış məskəni idi ki, burada Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələri əks olunurdu. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir. Burada qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.

Erməniləri narahat edən məsələlərdən biri də Xocalının Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi idi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin maraq dairəsində idi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən biri Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi. Qeyd edilməlidir ki, Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button