Analitika

Bəşəriyyət tarixindəki ən dəhşətli cinayətlərdən biri-Xocalı faciəsi

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər.

Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və skalpları götürülmüşdür.

Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi…”

Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Burada digər vacib məqam ermənilərin “dəhliz” iddiaları ilə bağlıdır. Ermənistan iddia edir ki, guya dinc sakinlərin şəhəri tərk etməsi üçün “humanitar dəhliz” təmin etmişdir. Dəhliz iddiasının zəifliyi və əsassızlığı təşəkkül tapmış sübutlar, o cümlədən şahidlərin ifadələri, eləcə də beynəlxalq hesabatlar, hətta erməni rəsmilərinin etirafları fonunda asanlıqla görünə bilər. Bu sübutlar onu göstərir ki, əhali şəhəri məqsədsiz, xaotik, heç bir təlimat və qabaqcadan məlumatlandırma olmadan tərk etmişdir. Əgər bu cür “dəhliz” mövcud olsaydı əhali ondan xəbərdar olardı. Bundan əlavə, Ermənistanın niyyəti humanitar çıxış təmin etmək idisə, onda o, nə üçün əhali azərbaycanlıların nəzarətində olan Ağdam şəhərinə çatmaq üçün şəhəri tərk edən kimi onların yol boyunca – həmin “dəhliz”də – Ermənistan hərbçiləri tərəfindən pusquya salındığını və öldürüldüyünü izah etməlidir.

Britaniyalı jurnalist Tomas de Vaal baş verən bu dəhşətli hadisəyə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyini yazırdı. O, “Black Qarden” kitabında Serj Sarkisyandan aldığı müsahibəni dərc etməklə bu faktı təsdiqləmişdi. S.Sarkisyan Tomas de Vaala verdiyi müsahibəsində deyib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdi ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik.” Ermənilərin törətdikləri faciə o qədər dəhşətli idi ki, hətta onların özlərini də sonradan heyrətləndirmişdi. Məsələn, Beyrutdan olan – soyqırımının iştirakçılarından biri erməni – David Xeyriyan sonradan çap etdirdiyi “Xaç naminə” kitabında yazırdı: “Martın 2-də meyitlərin yandırılması işini həyata keçirən “Qaflan” adlı erməni qrupu yüzdən çox azərbaycanlı meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən 1 kilometr aralıda yandırdılar… Bir anlıq yanan meyitlərin içindən birinin çığırdığını eşidər kimi oldum, sanki biri yardım və mərhəmət diləyirdi… Mən bunlardan sonra daha irəli gedə bilmədim, geri döndüm. Digərləri isə xaç naminə savaşlarına davam etdilər.”

Jurnalist Tomas Qoltz “Azərbaycan gündəliyi” kitabında Xocalı qətliamı haqqında:  “Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin baş məscidinin rəsmilərinin bildirdiyinə görə Ermənistan silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycanın şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər. Anklavın paytaxtı Stepanakertdən (Xankənidən) şimal-şərq məsafədə yerləşən 6000 nəfərlik Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar da daxil olmaqla 500-ə qədər insanın hücum zamanı öldürüldüyünü iddia edirlər. Bu şəraitdə nə qədər insanın öldüyünü təxmin etmək mümkün deyildi. Ağdam məscidinin rəsmisi Səid Muan oğlu Sadıqov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsinin qurbanının adını qeydiyyatdan keçirmişlər.”

Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycanda kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi, mülki əhaliyə qarşı hücumlar və Azərbaycanda əhalinin yaşadığı yerlərin bombalanması halları da daxil olmaqla beynəlxalq humanitar hüququn pozulmasını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Ermənistan və Azərbaycan arasında münaqişə zamanı törədilmiş pozuntular beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi məsuliyyət yaradır. Ermənistan Respublikasının beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən beynəlxalq hüquq pozuntularına görə dövlət qismində məsuliyyəti ilə yanaşı, silahlı münaqişə kontekstində, o cümlədən Xocalıda törədilmiş müəyyən əməllər beynəlxalq cinayətlər hesab olunur və bu əməlləri törətmiş şəxslərin, onların iştirakçıları və yardımçılarının fərdi məsuliyyətinə səbəb olur.

Xocalı hadisələri Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin “özünü-müdafiə qüvvələri komitəsi”nin rəhbəri olan dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir. Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. Və biz həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur”. Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına cənab Sarkisyan utanmadan cavab vermişdir: “Mən heç bir təəssüf keçirmirəm” çünki, “hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”. Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri əlavə şərhi lüzumsuz edir və münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini inkar etmək üzrə səyləri heçə endirir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button