Analitika

COP 29-un ölkəmizdə keçirilməsi ölkəmiz üçün böyük bir məsuliyyət deməkdir

COP 29-un ölkəmizdə keçirilməsi ölkəmiz üçün böyük bir məsuliyyət deməkdir. Belə irimiqyaslı tədbir ölkəmizdə ilk dəfə keçiriləcək. Bu tədbirdə 10 minlərlə xarici qonaq iştirak edəcək. Müqayisə üçün deməliyik ki, Avropa oyunlarında təxminən 5 min idmançı iştirak etmişdi. Ancaq gələn il keçiriləcək tədbirdə təxminən 70-80 min xarici qonağın iştirak edəcəyi ehtimal olunur. Bütün ölkə inanır ki, neft-qaz ölkəsi olan, yaşıl enerji siyasətində öz mövqeyi olan Azərbaycan bu irimiqyaslı tədbirə lazımi hazırlıq işlərini həyata keçirəcək və tədbirin uğurla başa çatmasını, bu sesiyanın ölkəmizə yeni iqtisadi-siyasi uğurlar gətirməsini və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını təmin edəcəkdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu barədə qərar COP28-in dekabrın 11–də Dubayda keçirilən plenar iclasında verilib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, tədbirin ölkəsində keçirilməsi dünya ictimaiyyətinin dövrün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacaq. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

COP 29-un gələn il Azərbaycanda keçirilməsi təbii ki, çox sevindirici bir haldır. Bu beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunması ölkəmizə göstərilən böyük etimaddır. Əvvəla, ümumiyyətlə Azərbaycan özü müstəqillik dövründən bu günə qədər bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bura həm idman tədbirləri, həm mədəniyyət tədbirləri və humanitar forumlar daxildir. Bu tədbirlər keyfiyyətinə, kəmiyyətinə, hazırlığına və digər önəmli parametrlərinə görə nümunə göstərilir. Bu, çox vacib məsələdir. Bir platforma kimi 200-ə yaxın ölkənin burada üzv olması, qoşulması və iştirakı keçirilən ölkənin nüfuzundan xəbər verir. Adətən bu tipli tədbirlər stabil, sabit, inkişaf etmiş və bütün şəraitlərə, kriteriyalara uyğun olan ölkələrdə keçirilir. Azərbaycan qeyd olunan bütün kriteriyalara ən yüksək səviyyədə cavab verir. Gələn il keçiriləcək COP-29 tədbiri, konfransı həmişə olduğu kimi bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə təşkil edilən tədbirlərdən biri olacaq və bu tədbir də bir nümunə kimi qeyd olunacaq.

Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib. 2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button