Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi beynəlxalq tədbirlərə özünə inam əsasında ev sahibliyini şərtləndirir
Azərbaycanın iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətində olması qürurvericidir. Təbii ki, bu uğurların əsasında dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti dayanır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların zamanında reallığa çevrilməsini şərtləndirir. Çoxəsrlik tariximizə «Heydər Əliyev İli» kimi yazılan 2023-cü ilin sona çatmasına az bir vaxt qalır. Bu əlamətdar ilin uğurlarını diqqətə çatdırmaq üçün təkcə bu il çərçivəsində Azərbaycanın müxtəlif mövzularda ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Həmin tədbirlərin əhatə etdiyi mövzulara, keçirilmə məkanlarına baxmayaraq bütün diqqət Azərbaycana və regionun gələcəyə ilə bağlı hədəflərinə yönəlir. Ölkəmizə hansı sahədən baxsaq zəngin təcrübənin şahidi olarıq. Bu, dövlət başçısı İlham Əliyevin çağırışına uyğun olaraq əldə olunan uğurlarla kifayətlənməyib, daim irəli baxmağımızdan, yeni-yeni hədəflərə doğru inamla addımlamağımızdan, hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılmasından irəli gəlir. Cənab İlham Əliyev bu çağırışı edir: «Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə diqqəti bu kimi məqamlara yönəldərək bildirdi ki, bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir. Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.» İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin təcrübəni təqdim edir. Dövlət başçısı İlham Əliyev müşavirədə belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq: «Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.» Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi beynəlxalq tədbirlərə özünə inam əsasında ev sahibliyini şərtləndirir. Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. İqlim dəyişmələri üzrə problemlərin həllində Azərbaycan müstəqilliyinin ilkin illərindən fəal iştirak edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kiot protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 22 aprel 2016-cı ildə imzalayıb və ratifikasiya edib. Təsdiq edilmiş sənədə əsasən, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azalmasını qarşısına hədəf qoyub. İqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl zona” elan edib.
Bədiyyə Sadıqova,
YAP-ın fəalı