Azərbaycan neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ekoloji çağırışlarla əlaqədar formalaşdırılan beynəlxalq platformadır. Milli hökumətlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya, siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir. COP29-un beynəlxalq önəmi ilə bağlı bəzi məqamlara diqqət yetirək. Əvvəlcə onu qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın çox sayda hökumət nümayəndəsi COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Dövlət başçısının dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”.
Sübhan Ərəbi,
YAP-ın fəalı