Dünyanın gözü bir daha Azərbaycana tərəf dönür
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. Prezident İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədəki çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zamanda, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Dövlətimizin başçısı daha sonra deyib: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. Ölkəmizin COP-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir. Bu, statistik göstəricilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həcmini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur. Yeri gəlmişkən, cari ilin birinci rübü də Azərbaycanın beynəlxalq münasibətlərdə təmsilçiliyi nöqteyi-nəzərindən olduqca uğurlu olub. Daha dəqiq desək, cari il ərzində ölkəmiz uğurlu xarici siyasətini davam etdirib, ikitərəfli və çoxtərəfli münasibətlər inkişaf etdirilib, bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ifadə olunub. Aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, ilin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur: “Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var – biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım. Eyni zamanda, Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır”.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı