Analitika

COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur

Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb. Dünyada liderlik nüfuzu güclənən ölkəmiz beynəlxalq ictimaiyyətin gözündə təkcə neft və qaz ölkəsi kimi deyil, həm də mötəbər konfransların, yarışların keçirildiyi bir məkan kimi canlanır. Son illər Azərbaycanın adının xarici ölkə vətəndaşlarının səfər etmək arzusunda olduğu “ilk 20-lik ölkə” siyahısında yer alması da təsadüfi sayıla bilməz. Bu mənada hesab edirəm ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi ölkəmizin həm turizm, həm iqtisadi, həm də siyasi əhəmiyyətini artıracaq. COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir. COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur. Bununla Azərbaycan dövlət başçımızın timsalında beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.  Prezident İlham Əliyev bir daha bütün təzyiqləri, şayələri  dəf edərək Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Rəna Süleymanlı,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button