Analitika

Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən qorumaq üçün lazımi addımlar atılır

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirləri yer alıb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub. Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. “Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra”, – deyə vurğulayan Azərbaycan lideri mühüm mesajlar ötürüb. dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Prezident müsahibəsində Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Hazırda regionda ölkəmizlə razılaşdırılmadan hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyil. Ermənistan üzərindəki tarixi Qələbəmiz, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və qüdrətli dövlətlərin 30 il ərzində edə bilmədiklərini Azərbaycanın cəmi 44 gün ərzində yerinə yetirməsi həm ölkəmizin, həm də onun lideri İlham Əliyevin dünya birliyindəki reytinqini daha da yüksəltdi. İşğaldan azad edilmiş ərazilərimizin qısa vaxt ərzində nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsi bir daha təsdiqlədi ki, Qarabağ Azərbaycandır! Həmin ərazilərdə, xüsusilə Şuşada keçirilən beynəlxalq tədbirlərdə dövlətimizin başçısının dünyanın aparıcı media nümayəndələrinə verdiyi müsahibələrdəki mesajlar Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıqdır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button