Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ilə əlaqədar
Müsahibədə ölkə rəhbəri Ermənistanın iyul ayında hərbi təxribat törətdiyini, avqust ayında isə düşmən ölkənin Azərbaycana qətllər törətmək üçün diversiya qrupu göndərdiyini xatırlatdı. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədildi və erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdu. Cənab Prezident vurğuladı ki, atəşi ilk açan Ermənistan idi, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar olmuşdur. Bütün bunların fonunda Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi üç dəfə atəşkəsi kobud şəkildə pozaraq təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olduğunu sübut etdi. Azərbaycanın həmişə sülh planına sadiq olduğunu bildirən cənab Prezident onu da əlavə etdi ki, Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında Ermənistanın bütün davranışları vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. Azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Bu gün Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox işğal olunmuş ərazilərini azad edir. Bu da həqiqətdir ki, Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Kasıb Ermənistanın bu silahları hansı pulla əldə etmələri şübhə doğurur. Rəşadətli Azərbaycan əsgərlərinin şücaətindən də danışan ölkə rəhbəri Azərbaycan ordusunun şəhərlərimizi bir-birinin ardınca işğaldan azad etdiyini və bayrağımızı həmin yerlərdə ucaltdığını qeyd etdi. Baş Prokurorluğun verdiyi məlumata əsasən sentyabrın 27-dən oktyabrın 31-dək Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Cənab Prezident müsahibəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyinin səmərəli olmadığını qeyd etdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olsalar da, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyib. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi isə beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, işğalçı ölkə ona qulaq assın, lakin belə mesaj verilməyib. Müsahibədə o da vurğulandı ki, ölkəmiz daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Azərbaycan dövləti istənilən halda torpaqlarını azad edəcək. Bugün bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırdırırlar. Bu da öz növbəsində bu təşkilatların qərəzliliyi ilə bağlı böyük şübhələr yaradır. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəliblər. Müsahibədə ölkə rəhbəri qətiyyətlə bildirdi ki, ermənilərin heç vaxt yaşamadığı yeddi rayon Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması həmin rayonlara qayıtmalıdır. Cənab Prezident onu da əlavə etdi ki, Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb. Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib. Ona görə də həmin plan köhnəlmiş sayılır. Azərbaycanlılar və ermənilər birgə yaşamalıdırlar, bu, asan olmasa da, biz öyrənməliyik deyən ölkə rəhbəri müharibəni dayandırmağın yeganə yolunun Ermənistanın öz məğlubiyyətini, ölkəmizin isə qələbəsini qəbul etməsi olduğunu bildirdi. Azərbaycan həmçinin Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı