Analitika

Bir dövlət olaraq, Azərbaycan həmişə sülhün və təhlükəsizliyin, regionda sabitliyin tərəfdarı olmuşdur

Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın təcrübəsi unikal, mütərəqqi nümunə kimi çıxış edir.

“Euronews” televiziyasına müsahibə zamanı Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlət başçısı xatırladıb ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Ədalətli və beynəlxalq hüquqa əsaslanmış yanaşma dövlət siyasətinin əsas xəttidir. Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada, Ukraynada və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button