Analitika

Qarabağ Zəfəri qalib Azərbaycanın həyatında yeni səhifə açıb

Cari ilin 6 dekabr tarixi Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş, Nailiyyətlər və çətinliklər” forumunda iştirakı və çıxışı ilə yadda qaldı. Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycan etibarlı tərəfdaş hesab olunur. Böyük dövlətlər ona hörmətlə yanaşır və onun müstəqil siyasəti artıq bir reallıqdır. Bu, yüksək qiymətləndirilir”.

Məhz, 2020-ci il Vətən müharibəsində əldə olunan qələbə ölkəmiz üçün yeni çağırışlar, yeni hədəflər müəyyənləşdirdi. Qarabağ Zəfəri qalib Azərbaycanın həyatında yeni səhifə açıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə artıq yeni hədəflər meydana gəlir. Artıq 3 ildir ki, 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə ən mühüm milli prioritetlərdən biri kimi müəyyənləşib.  Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır.

Dövlət başçısı İlham Əliyev forumda çıxışı zamanı Azərbaycan bir sıra təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında da prinsipial mövqe nümayiş etdirdiyini qeyd etdi . Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir.

Azərbaycanın hələ də müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr vardır. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqla!

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button