Analitika

Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yol

Əvvəla, dövlətimizin başçısı bildirir ki, ölkəmiz Qarabağın azadlığına BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə qovuşub. Bu məqamın vurğulanması çox vacibdir. Çünki Ermənistan və havadarları beynəlxalq platformalarda elə rəy formalaşdırırlar ki, guya, Azərbaycanın Qarabağa sahiblənməsi, o cümlədən ölkəmizin bölgədə bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri işğalçılıqdır. Mövcud səbəbdən də Prezident vurğulayır ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq: “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”. Bəli, dövlətimizin başçısının haqqında söz açdığı selektiv yanaşma dünyadakı ikili standartlar siyasətinin nəticəsidir. Bu siyasət özünü həm də Azərbaycan-Ermənistan sülh prosesinə münasibətdə göstərməkdədir. Mövcud xüsusda da cənab İlham Əliyevin vurğuladıqları son dərəcə önəmlidir. Amma hesab edirik ki, Prezidentin forumda dilə gətirdiyi bir ifadə Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolun Ermənistan seqmentini əhəmiyyətsizləşdirir. Yəni, İrəvan istəsə də, istəməsə də, sülh olacaq və bunun təminatı Azərbaycandır: “Əvvəla, biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik”. Azərbaycan bütün beynəlxalq aktorların, ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədr ölkələrindəki təmsilçilərinin sülhün müharibə yolunun olmadığına dair fikir və mülahizələrinə rəğmən, öz torpaqlarını işğaldan azad etdi. Lakin görürük ki, həmin aktorlar uzun illər həyata keçirdikləri ermənipərəst xətti hazırda haqqında söz açdığımız sülh prosesinə nəzərən də gerçəkləşdirməyə cəhd göstərməkdədirlər. Buna görə ölkəmizin rəhbəri, kifayət qədər, açıq danışır: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”. Yeri gəlmişkən, Prezident İlham Əliyev forumdakı çıxışında ölkəmizin Avropa İttifaqına üzvlüyü hədəfləmədiyini dilə gətirib. Hesab edirik ki, bu da son dərəcə vacib məqamdır. Ona görə ki, Azərbaycanı quruma daxil etməzlər. Məsələyə belə aydınlıq gətirən dövlətimizin başçısının fikirləri həm də indiyədək Aİ-nin respublikamıza qarşı tutduğu mövqedən qaynaqlanır. Deməli, cənab İlham Əliyevin reallığı əsas götürməsi dərin rasional düşüncə məhsuludur. Hazırkı reallıq isə budur ki, Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyini gerçəkləşdirmiş Aİ eynilə ATƏT-in Minsk qrupunun yolunu getməkdə, erməni avantürizmi üçün plasdarm formalaşdırmaqdadır. Daha doğrusu, belə bir “plasdarm” üçün dəstək verməkdə. Bu, özünü Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyinin Qranada sonluğunda daha qabarıq göstərməkdədir.

Rüstəmov Bəhruz,
YAP -ın fəalı

Oxşar Xəbərlər

Back to top button