İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir
Dekabr ayının 6-da paytaxt Bakı daha bir beynəlxalq tədbirə – “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Foruma ev sahibliyi edib. Bu mötəbər forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Böyük Qayıdış” proqramı ilə bağlı ölkə başçısı dəfələrlə müxtəlif forumlarda iştirak etmişdir. Bunlardan biri də dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumudur. Forum zamanı prezident İlham Əliyev çıxış etmiş ölkəmizin keçdiyi çətin dövrlərdən, qarşıda duran vəzifələrdən və həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs etmişdir.
Bu gün işğaldan azad olunan torpaqlarımıza yüzlərlə soydaşlarımız yenidən qayıtmışdır. Əldə olunan nailiyyətlər, qazanılan qələbələr, əlbəttə ki, uzaqgörən lider Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət strategiyası əsasında mümkün olmuşdur. Azərbaycan xalqının azad və firavan yaşaması üçün cənab prezident ölkə nəzdində mühüm addımlar atmışdır.
Bildiyimiz kimi, 30 il ərzində azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya da boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilməyiblər. Təbii sərvətlərimiz talan olunub. Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparılır. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qruplar kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir. Son nəticə əldə olunduqdan sonra hüquqi qaydada lazımi addımlar atılacaq, günahkarlar cəzalandırılacaqdır.
Kərimov Qara,
YAP-ın fəalı