Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir
Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanın inkişafı, şanı-şöhrəti, çiçəklənməsi ilə sıx bağlı olub. Bu bağlılıq dünən deyil, yaşayan bu gündür, inandığımız gələcəkdir. Heydər Əliyevdən danışarkən biz yalnız tarixdən, irsdən danışmırıq, o tarixi, o irsi doğruldan bu günkü qüdrətli Azərbaycandan danışırıq, daha böyük gələcəyin Azərbaycanını düşünürük. Bu anlamda, Heydər Əliyev adı, o adın, onun irsinin işığı bugün ictimai-siyasi fəaliyyətimizə nizam verdiyi kimi, sabahımıza da işıq salır, yol göstərir, istiqamət verir.Şuşanın azad olunması münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Xalqa müraciətində dediyi tarixi sözləri xatırlayaq: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya azərbaycanlıları”!
1969-1982-ci illərdə Heydər Əliyevin gördüyü işlər ölkəmizdə dayanıqlı inkişaf üçün zəmin yaratmışdı. Onun əsasını qoyduğu böyük işlər müstəqilliyin əldə olunması da müstəsna yerə, rola malik oldu. Birincisi, o milli ruhun qorunması, dirçəlməsi üçün yaradıcı insanları, milli mövqeli şair-yazıçıları dəstəkləməklə, habelə intellektual potenisalın qorunması yaxud yaradılması və inkişafı üçün irimiqyaslı layihələrlə çıxış etməklə də millətə xidmət örnəyi yaratmışdı. Məhz onun dövründə çiçəklənən, iqtisadi uğurlara imza atan respublikamızın şanı-şöhrəti əhalidə özgüvən, qürur hissləri yaratdı. Keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə hər il göndərilən çoxsaylı azərbaycanlı gənclər həm yeni biliklərə yiyələnərək respublikamızda müxtəlif təsərrüfat sahələrində keyfiyyət dəyişikliyinə nail oldu,həm də ümumintellektual səviyyənin qalxmasına şərait yaratdılar. Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının respublikaları arasında bir çox əməli fəaliyyət sahəsi üzrə göstəricilərdə axırıncı yerlərdə idi. Məhz onun ölkəyə rəhbərlik etdiyi dövrdə mədəniyyət, sənət, ümumən yaradıcılıq sahələri, elm-təhsil, eləcə də sənaye, özəlliklə yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dönəmini yaşadı.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli liderin adı ilə bağlıdır. Bu ilk hüquqi qiymət böyük dövlət və ictimai-siyasi xadimin siyasi iradəsinin nəticəsidir. 21 yanvar 1990-cı ildə totalitar rejimin bütün qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ekran-efir, mətbuat qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 31 mart – Azərbaycanlıların Soyqırım Günü, 1 avqust – Azərbaycan dili və Əlifbası Günü, habelə bir sıra əlamətdar günlərin qeyd olunması Heydər Əliyevin imzası, təşəbbüsü, ideyası ilə olub.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 17 noyabr 1990-cı ildə, Ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən onun təşəbbüsü, rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilmişdi. Muxtar Respublika Ali Məclisi respublikamızın o vaxtkı qanunverici orqanı (Azərbaycan SSR Ali Soveti) qarşısında vəsatət qaldıraraq, üçrəngli bayrağımızın Azərbaycanın rəsmi Dövlət rəmzi kimi tanınması kimi çox vacib tarixi hadisəyə imza atmışdı. Elə tarix də var, sırf onun özü ilə bağlıdır, onun xilaskarlıq missiyasını ifadə edir bu, 15 iyun Qurtuluş Günüdür.
Uzaqgörən, qədirbilən xalqımızın tələbi ilə Naxçıvandan paytaxt Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan qanunverici orqanının sədri seçildi və az sonra – 24 iyundan etibarən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini də həyata keçirməyə başladı. 03 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. Ümummilli liderin ikinci dəfə respublikamızın ali hakimiyyətinə qayıtması və Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa və nəticə etibarı ilə 2020-ci ildəki tarixə Zəfərə aparan yolun ilk önəmli mərhələsiydi. Ümummili lider 10 oktyabr 1993-cü ildə dövlətə, xalqa sədaqət andı içərək, Azərbaycanımızı sabitlik, iqtisadi inkişaf və inam
yoluna çıxardı.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası da məhz Ümummilli lider Heydər Əliyevin şah əsərlərindən biri olaraq meydana çıxdı. 12 noyabr – Konsitusiya Günü Heydər Əliyevin adı ilə biləvasitə bağlıdır.
“Əsrin müqaviləsi” ölkəmizin tarixində yeni inkişaf mərhələsinin təcəssümü oldu. Müqavilə 20 sentyabr 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkəni təmsil edən 10 şirkət arasında bağlandı. Ümummilli lider Heydər Əliyev özü bu müqavilə haqqında belə deyirdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində yaradılmış özül və Onun tərəfindən əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır.
Ələfsərova Həmidə,
YAP-ın fəalı