SPECA Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq və iqtisadi-ticarət körpüsü rolundadır
“Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü mühüm əhəmiyyətə malikdir. Bu Mərkəzi Asiya ölkələrinə olan diqqətin göstəricisidir. Eyni zamanda Azərbaycanın regionda və dünyada artan nüfuzunun, həm də Mərkəzi Asiya ölkələri ilə olan münasibətlərinin genişlənməsini göstərir. Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının inkişafını nəzərdə tutan bu proqramın Bakıda keçirilən birinci sammiti kifayət qədər samballı nəticələrlə yadda qaldı”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Eyni zamanda Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Əminik ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
“Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Azərbaycan Mərkəzi Asiya ölkələri, Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda da birgə fəaliyyət göstərir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq, iqtisadi-ticarət körpüsü rolundadır. SPECA-da iştirakçı ölkələrdə hazırda siyasi sabitliyin hökm sürməsi də regional əməkdaşlıq üçün münbit şərait yaradır. Bu isə onu başqa bölgələrdən müsbət mənada fərqləndirən başlıca cəhətlərdəndir. Sabitlik bu Proqramı başqa ölkələr üçün də cəlbedici edir. Orta Dəhliz layihəsi SPECA-nın iqtisadi, ticarət və nəqliyyat əhəmiyyətini daha da artıracaq. Bu, perspektivdə Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Qara dəniz marşrutunu aktuallaşdıracaq. 3 regionun biri-biri ilə sıx əməkdaşlığı Asiya ilə Avropanı birləşdirən ən mühüm alternativ yol olmaq imkanını yaradır. Bu, həm də enerjidaşıyıcıları üçün əsas ixrac kəmərlərindən ola bilər”.
Onun sözlərinə görə, Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etmək, bu istiqamətdə təşəbbüslər göstərməklə regional əhəmiyyətini artırır. Sülh, sabitlik, əməkdaşlıq rifaha xidmət edir. Azərbaycan da bu amillərə xüsusi önəm verir.