SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunu və rolunu isbatlayır
“Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi və Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi başladı. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak etdilər. Bu Sammit bir daha Azərbaycan dövlətinin nüfuzunu, gücünü nümayiş etdirdi, beynəlxalq arenadakı rolunu göstərdi. Xüsusilə də, Azərbaycanın regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrildiyini ortaya qoydu”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır: “Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Elə son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Eləcə də ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb”.
“Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan sözügedən region ölkələrinin Avropaya çıxışı deməkdir: “Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur, etdiyi çıxışlarla ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır. Bu mənada, SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü də istisna təşkil etmədi”.