Analitika

İraq və Azərbaycan

Son illərdə dünyanın siyasi və  iqtisadi arenasında  baş verənlər istər siyasi, istərsə də iqtisadi gərginliyin artmasına səbəb olub. Bunlarla bağlı etirazların və iğtişaşların artması müşahidə olunur. Əlbəttə dövlət güc strukturları qarşıdurma olmadan prosesə nəzarət etmək məcburiyyətindədirlər.  Lakin Avropa ölkələrinin içərisində “sabitlik” tərəfdarı olan və hətta kiçik bacısı Ermənistana bu məqsədlə missiya göndərən Fransanın öz vətəndaşlarına qarşı amansız şəkildə müqavimət göstərməsi qətiyyətlə pislənilir.

Dünyaya, o cümlədən Azərbaycana şərtlər diqtə etmək arzusunda olan, müstəmləkəçilik siyasətindən əl çəkməyən, ən böyük soyqırımlarını həyata keçirən, lakin üzr istəmək mədəniyyətinə malik olmayan Fransa hakimiyyəti durmadan əhalinin əleyhinə islahatlar aparmaqda davam edir. Bu günlərdə Fransa hakimiyyətinin təqaüd yaşlarının artırılması haqqında qərarına etiraz edən fransızlara, xüsusilə də qadınlara qarşı həyata keçirilən amansız müqavimət dünya KİV-də dayanmadan işıqlandırılır. Fransız polisinin dinc etirazçılara, o cümlədən qadınlara qarşı qəddar rəftarını əks etdirən video görüntüləri Fransa hakimiyyətinin öz xalqına qarşı da müstəmləkə siyasətini yürütdüyünü göstərir. Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən  30 illik işğalı dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın münasibətinin şahidi olduq. Hətta işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsindən keçən müddət ərzində də Fransa Ermənistanı müdafiə etmək mövqeyindən əl çəkmək istəmir. Belə bir sual meydana çıxır: Hər addımda Azərbaycanın daxili işlərinə qarışmaq istəyən və bu niyyətlə çıxış edən, özünü demokrat adlandıran, işğalçılıq siyasətini dəstəkləyən Fransa hökumətinin öz xalqına qarşı yeritdiyi siyasəti müstəmləkə siyasətindən  nə ayırır?

Cari ilin martın 2-də Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışından bir sitat gətirmək istəyirəm: “Bu gün Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meyilləri istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır.” Məncə əlavə şərhə ehtiyac yoxdur. Yeganə olaraq onu demək istəyərdim ki, Fransanın müstəmləkə siyasətini öz xalqına belə sırımaq istəyi hökumətin regionda siyasi stabilliyə hansı təhlükələr yarada biləcək niyyətinin bariz təzahürüdür. Onu durdurmaq zamanıdır!

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button