Azərbaycan və İraq arasında münasibətlər daim mövcud olmuşdur
Noyabr ayının 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizə ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və İraq Prezidentləri təkbətək və nümayəndə heyətləri ilə birgə görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini ətraflı müzakirə olunmuşdur. Müzakirə olunan məsələlər arasında enerji sahəsində əməkdaşlıq məsələsi xüsusi yer tutub. Həmçinin dövlət başçıları müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlərin nəticəsi olaraq ölkələrimiz arasında dostluq münasibətlərinin olduğu bir daha təsdiq edilib. Qeyd olunub ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Azərbaycanın İraqla dostluq tarixi qədimdir. Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır. Bundan başqa, 1994-cü il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanmışdır. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri İraqda keçirilən Babil festivallarında iştirak edirlər. Eyni zamanda, azərbaycanlı zəvvarlar İraqda yerləşən müqəddəs islam məbədlərini ziyarət edirlər. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsi səviyyəsində münasibətlər mövcuddur. Azərbaycanla İraq prezidentinin rəsmi görüşünün baş tutması iki xalqı daha da bir-birinə yaxınlaşdıracaq. Bu da xalqlar arasında mədəni münasibətləri ən yüksək zirvəyə daşıyacaq.
Azərbaycanın nümayəndə heyyəti İraq Prezidentinə, İraq nümayəndə heyyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Bu İraq Prezidentinin Azərbaycana ilk səfəridir. Bundan öncə, bu il iyulun 18-də İraq Kürdüstanın başçısı Neçirvan Bərzani Azərbaycana səfərdə olmuşdur. 1992-ci ildə İraq Respublikası, Azərbaycan Respublikasının müstəqilliyini tanımış və iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
Hər iki ölkə turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Azərbaycan əhalisinin İraqın müqəddəs şəhər və abidələrinin ziyarətini asanlaşdırmaq və mütəşəkkilləşdirmək üçün bu, olduqca aktual sənəddir. Azərbaycan yaxın-uzaq ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkə olduğundan reegionumuzun önəmli ölkələrindən biri olan İraqla da çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaq.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi