Azərbaycan-İraq əməkdaşlığı yeni mərhələdə
Ökəmiz tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm vermişdir. Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlərin tarixi 02 yanvar 1992-ci il İraq dövlətinin Azərbaycan Respublikasının müstəqilliyini tanımasıyla başlamışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
Noyabr ayının 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizə ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və İraq Prezidentləri təkbətək və nümayəndə heyətləri ilə birgə görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini ətraflı müzakirə olunmuşdur. Müzakirə olunan məsələlər arasında enerji sahəsində əməkdaşlıq məsələsi xüsusi yer tutub. Həmçinin dövlət başçıları müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlərin nəticəsi olaraq ölkələrimiz arasında dostluq münasibətlərinin olduğu bir daha təsdiq edilib. Qeyd olunub ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Azərbaycanın İraqla dostluq tarixi qədimdir. Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır. Bundan başqa, 1994-cü il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanmışdır. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri İraqda keçirilən Babil festivallarında iştirak edirlər. Eyni zamanda, azərbaycanlı zəvvarlar İraqda yerləşən müqəddəs islam məbədlərini ziyarət edirlər. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsi səviyyəsində münasibətlər mövcuddur. Azərbaycanla İraq prezidentinin rəsmi görüşünün baş tutması iki xalqı daha da bir-birinə yaxınlaşdıracaq. Bu da xalqlar arasında mədəni münasibətləri ən yüksək zirvəyə daşıyacaq.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi