Azərbaycanın müstəqilliyinin bərpasından sonra İraqla əlaqələr getdikcə inkişaf edib
Azərbaycan – İraq əlaqələrinin tarixindən söz açmağa lüzum yoxdur: “Bu əlaqələrin tarixi zəmanənin özü qədər qədim dövrlərə gedib çıxır və təbii olaraq dəyişən zəmanənin tələblərindən doğan zərurətlə yenilənməyə ehtiyacı vardır. Hətta Sovet İttifaqı dönəmində də İraq dövlətinin Bakıda konsulluğunun fəaliyyət göstərməsi Azərbaycan – İraq münasibətlərinə nə qədər önəm verilməsini özündə əks etdirirdi. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib. Hər iki ölkə rəhbərliyinin və rəsmilərinin qarşılıqlı səfərləri və dövlətlərin maraqlarını, onların qarşılıqlı münasibətlərini özündə əks etdirən rəsmi sənədlərin yenilənərək imzalanması da günümüzdə baş verən hadisələrin reallığını əks etdirən hadisə olaraq dəyərləndirilməlidir. Bundan savayı, hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası mnasibətlərə korrektələr edilməsinin özünü də zəruri edir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını özündə əks etdirən sənədlərin imzalanması mərasimi keçirilib. Hər iki tərəfi təmsil edən qurumlar – sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandum imzalanmışdır ki, bu da gələcəkdə hər iki ölkə arasında inkişafına daha da diqqət ayrılmasını özündə əks etdirən sahələrdir. Bundan əlavə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar ki, bu da regionda baş verən hadisələrə münasibətin birlikdə işlənilib hazırlanaraq razılaşdırılması anlamını vermiş olur. Vətən müharibəsi dövründə biz dünyanın bir çox ölkələrindən dəstək məktubları alırdıq. Çox xoşdur ki, bu ölkələr arasında İraq da var. Biz bunu dini bağlılıq, qardaşlıq baxımından yüksək dəyərləndiririk. Bu, bizim işimizin haqq işi olduğunu bir daha təsdiqləyir, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsində hər iki tərəf maraqlıdır. Bunu İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin sözlərində də görmək mümkündür. “İraq siyasi baxımdan sabitləşib. İraqa çətin günlərində dəstək verən ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün önəmlidir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib. İraq da 44 günlük şərəfli mübarizəsində Azərbaycana dəstək verdi. İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür”.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı