Ölkəmizin hərbi sənaye sahəsində əldə etdiyi uğurlar artan gücümüzün göstəricisidir
Azərbaycanın artan iqtisadi imkanları müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə əhəmiyyətli baza yaradıb. Respublikamızın maliyyə imkanlarının artması müdafiə sənayesi bölməsinə böyük həcmdə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verib. Bu isə son illərdə hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi və bu sahənin dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub.
Hərbi sənaye bölməsi respublikamızda qısa müddət ərzində mühüm işlərin görülməsi nəticəsində yüksək effekt verən nəticələr əldə olunub. Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub.
2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən bəri baş vermiş ən irimiqyaslı əməliyyat hesab olunur. İkinci Qarabağ müharibəsi həm istifadə olunan texnologiyanın müasirliyi, həm də döyüş taktikasının spesifikliyi baxımından bir çox xarici tədqiqatçı və ekspertlərin diqqətini cəlb etmişdir. İkinci Qarabağ müharibəsinin – Azərbaycanın ədalətli müharibəsinin mahiyyəti Ermənistan ordusunun hissələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq, işğalı sonlandırmaq idi. Döyüşlər 10 noyabr Azərbaycan qoşunlarının Qarabağın ən vacib yaşayış məntəqələrindən biri olan Şuşa şəhərini aldıqdan sonra sona çatıb. Azərbaycan Ordusunun texnoloji üstünlüyü və dronlardan müvəffəqiyyətlə istifadəsi qələbənin qazanılmasında əvəzedilməz rol oynayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan ordusu daha da gücləndi.
Qeyd etmək lazımdır ki, bu il iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə döyüş bayrağını təqdim edib. Ölkə başçımızın bu zaman söylədiyi fikirlər Azərbaycanda ordu quruculuğuna göstərilən diqqəti bir daha təsdiqləyir: “Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verib.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı