Analitika

Savaşın rəmzi olan ‘’Dəmir yumruq‘’ xalqımızın iradəsinin göstəricisidir

27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi düşmənə, nəhayət, bir dərs oldu. Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərən şanlı Qələbənin rəmzidir. Bu hadisə müasir hərb tarixinin parlaq bir səhifəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində və güc və həmrəylik rəmzi olan dəmir yumruq kimi öz lideri ətrafında birləşmiş xalqın qəhrəman övladlarının canı-qanı bahasına başa gəlmişdir. Azərbaycan dövləti, xalqı və ordusu məqsədə çatmaqdan ötrü bütün gücünü və imkanlarını ortaya qoydu, dərhal səfərbər olunaraq qüdrətli, nəhənğ yumruğa çevrildi. Vətənpərvər Azərbaycan gənci özünü döyüş meydanında, mənfur düşmənə qarşı mübarizədə ən yaxşı cəhətdən göstərdi. Bütün döyüş tapşırıqlarını cəsarətlə, igidliklə yerinə yetirdi, şücaət və qəhrəmanlıq nümayiş etdirdi.

“Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdikbiz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik “, – Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət isə qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.

Mətanət Cəfərova,
YAP-ın  fəalı

Oxşar Xəbərlər

Back to top button