Azərbaycanda iqtisadiyyatın neftdən asılılığın azaldılması istiqamətində tədbirlər davam etdirilir
Son illər Azərbaycanda məqsədyönlü iqtisadi siyasətin, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində bütün maliyyə mənbələri hesabına əsas kapitala iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar vaxtında və müvəffəqiyyətlə icra olunur, quruculuq işləri gündən-günə sürətlənir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son 20 ilin əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasətinin əsas istiqamətlərindən biri də xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi ilə bağlıdır. Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı. Oktyabrın 26-da 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı və Prezident İlham Əliyevin tədbirdə iştirakı qeyd olunanların tam sübutudur. Qeyd edilməlidir ki, “Masdar” şirkətinin investorluğu ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də qoyulub və bu stansiya Xəzər regionunda, eləcə də MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Xarici investisiya cəlb olunmaqla reallaşdırılan belə bir sənaye mərkəzi hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 110 milyon kubmetr həcmində təbii qaza qənaətə imkan verəcək. Açılış mərasimində çıxış edən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Prezident Birləşmiş Ərəb Əmirlikləri hökumətinə, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfəyə və yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar” şirkətinə, onun rəhbərliyinə təşəkkür etməklə bunu tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsi hesab etdi. Bu layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Planlar isə genişdir. Planlara görə mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işlər həyata keçiriləcəkdir. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaqdır
Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması istiqamətində tədbirlər davam etdirilir. Dünya bazarında neftin əvvəlki illərlə müqayisədə 3-4 dəfə ucuzlaşmasına baxmayaraq, cari ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, məqsədli sosial proqramların icrası prioritet vəzifə kimi müəyyənləşdirilib. Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti isə qarşıya qoyulmuş ümumi məqsədlərə çatmağa imkan yaradacaq, qlobal maliyyə böhranının ölkəmizə təsirlərinin azaldılmasına səbəb olacaq.
Rzayeva Səba,
YAP-ın gənc fəalı.