Gənc və müstəqil Azərbaycanın iqtisadiyyatda önəmli addımları
Ötən 20 il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi uğurlar, əldə edilən nailiyyətlər hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr sırasında nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ilin ən böyük iqtisadi, həm də siyasi uğurlarından biri Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm kəsişdiyi bir məkana çevrilməsidir. Ötən 20 ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının salınması, Ələt Azad İqtisadi Zonasının yaradılması buna bariz nümunədir. Azərbaycanın bu sahədə də uğurları statistik göstəricilərdə öz əksini tapıb. Belə ki, 2003-cü ildə ölkəmizdən 110 milyon ton həcmində yük daşınıbsa, 2022-ci ildə bu rəqəm 218,7 milyon ton olub. Müqayisə olunan dövrdə yükdaşımadan 360 milyon manatlıq, 2022-ci ildə isə 8 milyard 634 milyon manatlıq gəlir əldə edilib. Sərnişindaşımaya gəldikdə, 2003-cü ildə 921 milyon nəfər, 2022-ci ildə 1,6 milyard nəfər daşınıb.
Ümumilikdə, bu sahədə görülən işləri, həyata keçirilən layihələri Çin dövləti də diqqətlə izləyir və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə böyük diqqət ayırır. Ölkəmizin nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində əsas işlərdən biri infrastrukturun qurulmasıdır ki, son 20 ildə bu sahədə də uğurlara imza atılıb. 2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və ya təmir edilib. Həmçinin qeyd etməyə dəyər statistik göstəricilərdən biri də avtomobillərin sayıdır. 2003-cü ildə Azərbaycanda 512 min ədəd avtomobil vardısa, 2022-cü ildə 1 milyon 420 minə çatıb. 2004-cü ildə hər 100 ailədən 24-də, 2022-də isə 58 avtomobil olub.
Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Dövlətimizin başçısı Qarabağ münaqişəsinin həllinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib: “Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.
Ötən 20 ildə Prezident İlham Əliyevin siyasətində xalqın sosial rifahının xüsusi yer tutduğu açıq şəkildə özünü göstərib. Bu dövrdə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanıb.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı