Analitika

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası elan olunub

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Ölkəmiz bu məqsədlə həm tərəfdaşları, həm də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əlaqələrini genişləndirir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlanan iqtisadi inkişafın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində stimulverici amildir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləyir, bir layihənin uğurlu sonluqla başa çatması digər bir layihənin gündəmə gətirilməsini şərtləndirir, dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirdi ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Azərbaycanda mövcud sabitlik və normal biznes mühiti investisiya cəlbediciliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Ən əsası düzgün müəyyələşdirilən siyasətin nəticəsi olaraq qısa müddətdə böyük investisiyalar məkanına çevrilən Azərbaycan iştirakçısı olduğu bu kimi layihələrlə mövqeyini daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birlik var. Bütün məqsədlərimizə nail olacaq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button