Ölkəmiz xarici investisiyalar üçün çox açıq ölkədir
Dövlət başçısı İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir açılış mərasimindəki çıxışlarında mühüm layihənin perspektivlərindən geniş bəhs etdilər. Ölkəmizlə əməkdaşlığa verilən önəm səsləndirilən hər bir fikirdə özünün aydın ifadəsini tapdı. Təbii ki, Azərbaycanın böyük etimada nail olmasında yürütdüyü siyasət mühüm rol oynayır. Hər bir ölkənin tərəqqisində iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın bu sahədə təcrübəsi təqdir edilir. Reallıq budur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirməmişdir. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi davamlı uğurlarında öz sözünü deyir. Neft gəlirlərinin düzgün istiqmətləndirilməsi həm ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayan sosial-iqtisadi layihələrin reallığa çevrilməsində, həm də dövlət büdcəmizə böyük məbləğdə vəsaitlərin toplanmasına geniş imkanlar yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan böyük investisiyalar məkanıdır. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır.
Cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın investisiya cəbediciliyindən geniş bəhs etdi. Ölkəmiz xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, əlbəttə, milli enerji şəbəkəsini gücləndirməliyik. Hər şeyi vaxtında edəcəyik. Artıq maliyyə resursları ayrılıb ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər. Dövlət başçısı İlham Əliyev Azərbaycana etibar edən, bərpa olunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və ölkəmizin yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığını bildirdi. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması əməkdaşlığın istənilən istiqamətində geniş fəaliyyət planlarını nəzərdən keçirməyə imkan verir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı