Regionun ən böyük günəş elektrik stansiyası istismara verildi
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq. 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır. Stansiya tərəfindən illik 500 milyon kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 110 milyon kub metr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcəkdir. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilib. 2022-ci ilin 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Əminik ki, bundan sonra da daha çox layihələr olacaq. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə gəlib bizimlə işləmək üçün yaxşı siqnal olacaq.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi