Azərbaycanı böyük Qələbəyə yaxınlaşdıran Qubadlı əməliyyatı
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular, yüksəkliklər düşmənin tam nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü. Ətrafda yerləşən kəndlər, o cümlədən Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri oktyabr ayının 23-də işğaldan azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.
Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmiş olduq.
Qubadlının işğaldan azad edilməsi Azərbaycanın iqtisadiyyatına da müsbət təsir göstərəcək. Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Qubadlı rayonu digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qubadlı ərazisində ehtiyatları 6247 min kubmetr mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur.
İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqlar. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı