Ölkəmizdə “Qubadlı şəhəri günü” böyük fəxarətlə qeyd edilir
Bu il ərzində ölkəmizdə bir çox tarixi hadisələr qeyd edilir. Bunlardan biri də işğaldan azad olunan şəhərlərimizin şəhər günlərinin qeyd edilməsidir. 2023-cü il 31 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama əsasən bu ildən etibarən hər il Azərbaycan ərazisində işğaldan azad edilən şəhərlərimizin şəhər günləri qeyd ediləcəkdir. Bu sərəncama əsasən ölkəmizdə 4 oktyabrda Cəbrayıl şəhəri günü, 17 oktyabrda Füzuli şəhəri günü, 20 oktyabrda Zəngilan şəhəri gün, bu gün, – 25 oktyabr tarixində isə Qubadlı şəhəri günü qeyd edilir. Şəhər günlərinin qeyd edilməsi həmin şəhərlərin uzun illərdən sonra düşmən tapdağından azad edilməsi ilə əlaqədardır.
2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Azərbaycan torpaqlarını işğaldan azad etmişdir. Azad olunan şəhərlərimizdən biri də Qubadlı şəhəridir. Şəhərin azad olunması müharibənin gedişatında dönüş nöqtəsi idi. Bir neçə gün çəkən döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə başa çatmışdır. Qubadlınən azad olunmasına görə gedən döyüşlərdə fərqləndiyinə və böyük şücaət göstərdiyinə görə Azərbaycan silahlı qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qubadlı şəhəri 1993-cü 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən tamamilə işğal edilmişdir. İşğal zamanı bütün şəhər talan edilmiş, infrastruktur dağıdılmış, dinc əhaliyə qarşı amansız divan tutulmuş, 30 minə yaxın insan yurd-yuvalarından qovulmuş, məcburi köçkün düşmüş, ölkənin müxtəlif şəhərlərində məskunlaşmaq məcburiyyətində qalmışdır.
Qubadlı şəhərinin işğaldan azad olunması, tarixi Azərbaycan torpaqlarında üçrəngli bayrağımızın dalğalanması bütün Azərbaycan xalqı üçün böyük önəm kəsb edir. Hazırda şəhərdə ciddi yenidənqurma və abadlıq işləri həyata keçirilir. Cənab Prezident İlham Əliyevin digər rayonlarla bərabər Qubadlı şəhərinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində şəhər yenidən inkişaf edir və daha da edəcəkdir.
Zərxanım Abbasova,
YAP-ın fəalı