İmzamız qədər dəyərli sözümüz də, dəmir yumruğumuz da yerindədir
Ermənistanın terrorçu və faşist mahiyyətinin dəyişməz olaraq qaldığının dəfələrlə şahidi olmuşuq. Bu reallığın bariz nümunələrindən biri 19 sentyabr tarixində Ermənilərin mina terroru nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması oldu. Bu hadisədən sonra ordumuz lokal xarakterli anti-terror tədbirlərinə başladı və 24 saat ərzində danılmaz qələbə qazandı. Separatçı rejim ağ bayraq qaldıraraq dəfələrlə boyun qaçırdığı Yevlax görüşünə razılaşdı. Qələbədən sonra ölkə başçısı cənab İlham Əliyevin xalqa müraciəti kiçikli-böyüklü hər bir azərbaycanlı tərəfindən səbrsizliklə gözlənilirdi. Sentyabrın 20-də dövlət başçısı xalqa müraciət etdi.
Prezident İlham Əliyevin xalqa hər bir müraciəti unudulmaz anlarla yadda qalır. 20 sentyabr müraciətində də ölkə başçımız çox mühüm nöqtələrə toxundu.
Cənab prezident bildirdi ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.
İlham Əliyevin fikirlərindən də aydın olur ki artıq elə bir məqam çatıb ki bütün erməni cəmiyyəti və İlham Əliyevi eşitməli, onun fikirləri ilə hesablaşmalıdır. 20 sentyabr 2023-cü il tarixi etibarı ilə Azərbaycan Qarabağ məsələsinin kitabını birdəfəlik bağladı. Artıq Azərbaycan torpaqlarında “boz” ərazilər, nəzarətdən kənar bölgələr olmayacaq və bütün Qarabağda yaşayan ermənilər üçün Azərbaycan bayrağı altında və Azərbaycan vətəndaşı kimi xoş güzəranlı günlər başlayacaq. Dırnaqarası bayraqlarını da ciblərinə büküb getməlidirlər. Əlbəttə, əgər kimsə Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə, onlar üçün dəhlizlər yaradılacaq və onlar regionu sülh və əminamanlıqla tərk edəcəklər. Qalan insanları isə gözəl və rifah günlər gözləyir. Ölkəmizin rəhbəri də xalqa müraciətini məhz bu major notlar üzərində yekunlaşdırdı: “Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək – təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi – Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik”.
Həm cənab prezidentin fikirləri həm də ordumuzun qələbəsi bir daha sübut etdi ki, imzamız qədər dəyərli sözümüz də, dəmir yumruğumuz da yerindədir və heç kəs bizim haqq-ədalət mübarizəmizdə önümüzü kəsə bilməz!
Kərimov Qarabəy,
YAP-ın fəalı