Siyasət

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

– Azərbaycan Respublikasının Prezidentinə:

– Cəmiyyətin yenidən təşkili və ləğvi;

– Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının yaradılması;

– Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

– Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

– Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Müşahidə Şurasının rəhbərinin və üzvlərinin, habelə icra orqanının rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

– Cəmiyyətin işçilərinin say həddinin və strukturunun müəyyən edilməsi;

– Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə:

– Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

– Cəmiyyətin törəmə və asılı cəmiyyətlərinin yaradılmasına razılıq verilməsi;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

– Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

– Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

– Cəmiyyətin əməkhaqqı sistemini müəyyən etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

– Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

– bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

– Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin yaradılması ilə əlaqədar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.

Fərmandan irəli gələn digər məsələlərin həlli Müdafiə Sənayesi Nazirliyi və İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Oxşar Xəbərlər

Back to top button