Analitika

Ölkə başçımızın uğurla keçirdiyi genişmiqyaslı quruculuq işləri yüksək zövq və yüksək keyfiyyət ilə həyata keçirilir

Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir. “Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Cari il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq. Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Qeyd edək ki, 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakini 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub. Ötən gün “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi də təyin edilib. Prezident İlham Əliyev qeyd edib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək: “Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan da Qarabağ və Şərqi Zəngəzur üzrə fərqli idarəetmə üsulu həyata keçirir. Bu yeni idarəetmə üsuluna uyğun olaraq cənab Prezidentin xüsusi nümayəndələri təyin edilir. Laçın rayonuna da xüsusi nümayəndənin təyin olunması bu idarəetmə formasının bir tərkib hissəsidir. Düşünürəm ki, Ağdamda, Qarabağda, Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən yeni idarəetmə üsulu Laçında da öz müsbət nəticələrini verəcək. Ötən müddət ərzində biz Qarabağda və Şərqi Zəngəzurda xüsusi ilə Şuşa şəhərində sürətli inkişafın şahidiyik. Laçına da xüsusi nümayəndənin təyin edilməsi də bu qəbildən hesab olunur. Biz qısa bir zamanda Laçının çiçəklənməsinin və inkişaf etməsinin şahidi olacağıq.

Eyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button