Analitika

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdi

“Müstəqillik hər bir xalq üçün siyasi-tarixi və mənəvi dəyər hesab edilir. Hər bir xalq müstəqilliyini əldə etmək üçün mücadilə edir, qan tökür, can verir. Bu səbəbdən də müstəqillik vazkeçilməyəcək bir dəyərdir. Azərbaycan xalqı da müstəqilliyini qazanmaq üçün uzun yol qət edib, təlatümlərdən keçib, dünyadakı 5 min xalqın içərisində azadlığını qazanmış 200 xalqdan biri olub. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin sözlərilə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək ondan da çətindir. Məhz, bu gün “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamənin 32-ci ilində bir daha müstəqilliyə gedən yol və ötən dövr barədə fikirləşməli oluruq”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

“Ekspertlərin, araşdırmaçıların da qənaəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının müstəqilliyi 1991-ci ildə elan olunsa da, həmin qərar aparan tarixi-siyasi hadisələr məhz Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlamışdı” – deyən Ramil Vəlibəyov bildirib ki, 1990-cı il iyulun 20-də Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev 22 iyul tarixində Naxçıvana yola düşüb: “30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul edib. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilib. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Ulu Öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi”.

Ramil Vəlibəyov vurğulayıb ki, Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu: “Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. 1991-ci il avqustun 30-da isə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırdı. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi”.

Ramil Vəlibəyov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib: “Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı”.

Oxşar Xəbərlər

Back to top button