Analitika

Ermənilərin Laçın yolundan sui-istifadə etməsi mülki insanlarımızın həyatı üçün təhlükə ola bilərdi

Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Xalqımız qalib xalq olaraq bu yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır. Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini bu cür vurğulamışdı: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir… Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”. Bu gün ölkəmiz öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirir.

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.

Ermənilərin Laçın yolundan sui-istifadə etməsi mülki insanlarımızın həyatı üçün təhlükə ola bilərdi. Odur ki, sərhəd-buraxılış məntəqəmiz Laçın rayonuna Prezident İlham Əliyevin elan etdiyi kimi, sakinlərimizin qayıdışını və təhlükəsizliyini təmin edəcək, eləcə də oradan qanunsuz silahlı dəstələrin tərksilah edilməsinin başlanğıcı olacaq. Yolda Azərbaycan Respublikası DSX-nin postunun qoyulması ondan Qarabağda yaşayan mülki ermənilərin istifadəsi, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Lakin separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Gələcəkdə həm separatçıların, həm də qanunsuz silahlı hərbçilərin oradan çıxarılması və Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələləri üzrə təmaslara başlanmasının daha da sürətlənməsi üçün həmin bu dövlət sərhəd nəzarət mexanizminin yaradılmasının əhəmiyyətli rolu olacaq.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button